Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür"

2020.03.27 13:37 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar yük daşınmalardakı problemləri aradan qaldırmağa kömək etmək iqtidarındadır.

BTQ magistralı Avrasiyada bütün növ yüklərin təhlükəsizlik daşınmasında xüsusi imkanlara malikdir. Türkiyə tərəfi yeni tip koronovirusun yayılmasının iqtisadiyyata və ticarət dövriyyəsinə mənfi təsirini azaltmaq üçün gördüyü tədbirlər sırasında Bakı-Tbilisi-Qars dəmir yolunda daşımaların intensivliyini artırmağa da ciddi diqqət yetirir.

Bu barədə açıqlama verən Ticarət naziri Ruhsar Pekcan bildirib ki, BTQ 2,5 min ton həcmində yük daşımaqla ticarətin xidmətindədir və tələbat olarsa, bu həcmi iki dəfədən çox artıraraq 6 min tona çatdırmaq mümkündür. “Hazırkı dönəmdə dəmir yollarına üstünlük verməyimiz lazımdır. İran ilə problemimizi də Kapıköy bağlantılı dəmir yolu ilə həll etdik. Təmassız ticarət fəaliyyətlərimizi reallaşdıra bildik”, - deyə nazir qeyd edib.