Fransada biznesin dəstəklənməsi üçün vergi tədbirləri açıqlanıb

2020.03.26 15:59 (UTC+04:00)

Dövlət Maliyyələri Baş İdarəsindən bildirilib ki, səhiyyə sahəsində fövqəladə vəziyyətlə əlaqədar şirkətlər və özüməşğul vergi ödəyiciləri gələcək vergi ödənişlərini cərimələnmədən təxirə sala bilərlər. Vergi orqanlarının məlumatına görə, "biznesin dəstəklənməsi ilə bağlı bu müstəsna tədbirlər" Fransa Prezidenti Emmanuel Makronun martın 12-də koronavirusla bağlı elan etdiyi siyasətə uyğundur. Həmin tədbirlər çərçivəsində şirkətlər öz birbaşa vergilərini gələcək müddətlərə təxirə salmaq üçün korporativ vergi departamentinə müraciət edə bilərlər.

Mart ayında vergilərini ödəmiş şirkətlər də ödədikləri məbləğin geri qaytarılmasını tələb edə bilərlər. Bundan əlavə, peşə gəlirlərindən vergilərini hər ay ödəyən muzdla işləyən vergi ödəyiciləri vergi ödənişini üç dəfə, vergiləri rüblük ödəyənlər isə növbəti rübə qədər təxirə sala bilərlər. Sahibkarlıq fəaliyyətinə görə aylıq yerli vergi ödəyənlər və əmlak vergisi ödəyiciləri isə birbaşa öhdəliklərini onlayn vergi hesabında dayandıra bilərlər.