İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib. Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.
Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa mənfi təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarların diqqətinə çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlılığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.
Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.