Dövlət Statistika Komitəsinin martın 1-nə olan ilkin məlumatına əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 188 min 400 nəfər olub. Onlardan 4 milyon 936 min 800 nəfərini məşğul əhali təşkil edib.
Məlumatda, həmçinin bildirilib ki, fevralın 1-nə olan statistikaya əsasən muzdla işləyənlərin sayı 1 milyon 641 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911 min 900, qeyri-dövlət sektorunda isə 729 min 100 nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34 min 700, qeyri neft-qaz sektorunda isə 1 milyon 606 min 300 nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,2 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.