Novruz bayramınız mübarək!

2020.03.20 10:17 (UTC+04:00)

Hər bir insan dünyaya göz açdığı gündən işığa, hərarətə, günəşə can atdığı kimi, ayrı-ayrı xalqlar, fərqli toplumlar da tarix boyunca təbiətin qış yuxusundan oyanıb cana gəlməsinə, gecə ilə gündüzün bərabərləşməsinə, havaların istiləşməsinə, əkinçilik fəaliyyətləri üçün təbiətin əlverişli şərait yaratmasına, otların torpağı dəlib üzünü göyə tutmasına, ağacların tumurcuqlarının çırtlamasına, güllərin-çiçəklərin açmasına bir inanc kimi yanaşıblar. İnsanlar baharın gəlişini yeni bir başlanğıc kimi bayram ediblər. Baharın gəlişi, qaranlıqla işığın rəmzi olan gecə ilə gündüzün bərabərləşməsi, demək olar ki, bütün xalqların ilkin təsəvvüründə yeni günün, yeni dövranın başlanğıcı kimi yer tutur.

Baharın gəlişinin türk xalqlarının da inanc sistemində, qədim adət-ənənələrində öz yeri olub və bunların çoxu günümüzə qədər davam etməkdədir. Xalqımızın qədim inanclarından birinə görə, Novruz axşamında ürəkdə tutulan diləklər çin olur, arzular həyata keçir, başqalarından eşidilən xoş söz insan həyatına xoşbəxtlik gətirir. Bu baxımdan, Novruz xoş niyyətlərdən ilham alan saf könüllərin bayramıdır.

Gəlin, bu bayram axşamı qəlblərimizi, düşüncələrimizi xoş diləklərə kökləyək. Öz ocağımıza, ailəmizə arzuladıqlarımızı başqalarına da arzulayaq. "vergilər.az" adından biz də hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, ömrünüzə əbədi işıq, evinizə-ocağınıza min-bərəkət, həyatınıza firavanlıq, könüllərinizə sevinc, gözlərinizə gülüş arzulayırıq!