Məlum olduğu kimi, ölkəmizdə hökumət tərəfindən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən də daimi əsasda müvafiq addımlar atılır. Bu barədə AMB-dən verilən məlumatda deyilir.
Son günlər bir sıra media orqanlarında koronavirus infeksiyasının pul nişanları vasitəsilə də yayılması barədə məlumatlarla əlaqədar aşağıdakıları bildiririk:
Mərkəzi Bank tərəfindən həyata keçirilən tədavüldə təmiz pul siyasətinə uyğun olaraq, kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilib, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb. Bu qaydalara uyğun olaraq kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq Mərkəzi Bankın xəzinələrində xüsusi ayrılmış yerlərdə saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur.
Dövriyyəyə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.
Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir.