Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 2,3 milyard dollardan çox olub

2020.03.19 15:10 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 372,3 milyon ABŞ dolları olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 1 milyard 651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45 faiz azalıb. İxracda isə 0,5 faiz artım müşahidə olunub. Yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin eyni ayına nisbətən faktiki qiymətlərlə 2,5 faiz artıb, real ifadədə isə 5,8 faiz azalaraq 140,8 milyon dollar olub.

Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 53,6 faizini İtaliyaya, 8,5 faizini İsrailə, 5,8 faizini Türkiyəyə, 4,4 faizini Tunisə, 4 faizini Ukraynaya, 3,1 faizini Çexiyaya, 2,8 faizini Portuqaliyaya, 2,4 faizini Almaniyaya, 2,3 faizini Rusiyaya, hər biri 2,2 faiz olmaqla Avstriya və İspaniyaya, hər biri 1,9 faiz olmaqla Fransa və Xorvatiyaya, 1,8 faizini Yunanıstana, 3,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz), Çinə (4,2 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Braziliyaya (2,2 faiz), Almaniyaya (1,6 faiz), Qazaxıstana (1,3 faiz), Yunanıstana (1,2 faiz), İrana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.