Türkiyədə təmassız kart ödənişlərinə maraq artır

2020.03.18 13:41 (UTC+04:00)

Koronavirusun yayılmasına qarşı təhlükəsizlik tədbirləri sırasında nağdsız ödənişlərin də yeri görünməkdədir. Bunu Türkiyə təcrübəsi daha əyani nümayiş etdirir.

Banklararası Kart Mərkəzinin (BKM) baş direktoru Soner Canko tələblərin artdığına görə təmassız kart ödəmələrində şifrəsiz əməliyyat limitinin artırılaraq 250 lirəyə qaldırıldığını bildirib.

Bank və kredit kartları ilə keçən ay ümumilikdə 84,9 milyard lirə həcmində ödəniş edildiyini bildirən Canko, bu məbləğin 72 milyardının kredit kartları, 12,9 milyardının isə bank kartları ilə ödənildiyini vurğulayıb. Onun sözlərinə görə, kart istifadəçilərinin sürətli və asan ödəniş etməsinə şərait yaradan təmassız ödənişlərə maraq artmaqdadır.

Fövqəladə günlərin yaşandığı bu dövrdə Dünya Səhiyyə Təşkilatının virus və bakteriyaların əldən-ələ keçən pullarla yayıla biləcəyi barədə xəbərdarlığını xatırladan Canko bu ilin fevral ayında təmassız kart ödənişləri məbləğinin keçən ilin müvafiq dövrü ilə müqayisədə üçqat artdığını bildirib.