Azərbaycan dünyada "İqtisadi azadlıq indeksi"ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır

2020.03.18 12:00 (UTC+04:00)

ABŞ-ın "İrs Fondu"nun hazırladığı "İqtisadi azadlıq indeksi"nə görə Azərbaycan bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan dünyada "İqtisadi azadlıq indeksi"ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır: "Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki "İqtisadi azadlıq indeksi"nin tarixində ölkəmiz qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur. Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan "İqtisadi azadlıq indeksi"nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölkələrini geridə qoyub. Ölkəmiz Avropa regionunda "İqtisadi azadlıq indeksi"ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndirilib. Azərbaycanın "İqtisadi azadlıq indeksi" Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən "İrs Fondu" Azərbaycanı Asiya-Sakit Okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib".