Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 17-də Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub.
Baş Nazir İtaliya, Türkiyə, Macarıstan və buraya yaxın ölkələrdən Azərbaycana qayıdan vətəndaşlarımızın karantinə yerləşdiriləcəyi barədə məlumat verib. İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il martın 18-də saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə də qərar qəbul edildiyi vurğulanıb. Qeyd olunub ki, ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter reysləri təşkil ediləcək.
İclasda, həmçinin martın 19-da saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığı barədə də məlumat verilib.