Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin müvafiq dövrünə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin fevralında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 102,9 faiz olub. Fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,6 faiz, keçən ilin müvafiq ayına nisbətən 105,1 faiz təşkil edib. Cari ilin fevralında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və spagettinin, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiska və sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 101,1 faiz təşkil edib. Ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma ipək parçaların, kişi və qadınlar üçün köynəklərin, cins şalvarların, sulu boyaların, polietilen su borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, keramik plitələrin (kafel, metlax), tozsoranların, elektrik ütülərinin, boşqab, fincan və nəlbəkilərin, sabit şəbəkə telefon aparatlarının, dəftər, qələm və karandaşların, ucuzlaşma isə əsasən qadınlar üçün qış ayaqqabılarının, təsərrüfat sabununun, planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Keçən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, ötən ilin fevral ayına görə 101,4 faiz olub. Cari ilin fevralında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma gəlinlik donunun kirayəsi, mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə edilib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.