ABŞ-da koronavirusla bağlı vergilərin ödəniş müddətinin uzadılması müzakirə olunur

2020.03.16 13:59 (UTC+04:00)

Koronavirusun yayılması dünya iqtisadiyyatında gözlənilməz fəsadlar yaratmağa başlayıb və bu fəsadların yüngülləşdirilməsi üçün müxtəlif ölkələrdə qabaqlayıcı tədbirlər görülür. Bu istiqamətdə radikal addımlar atan ölkələrdən biri də ABŞ-dır.

ABŞ-da koronavirusun yayılmasının nəticələrinin azaldılması ilə bağlı proqram çərçivəsində vergilərin ödənilməsinin son tarixini müvəqqəti olaraq geriyə çəkmək gündəlikdə olan məsələlərdəndir. "Wall Street Journal"ın prezident administarisyasına istinadla verdiyi xəbərə əsasən, bu məsələ artıq müzakirə olunmaqdadır. Bildirilib ki, fiziki şəxslər və müəssisələr keçən ilin vergilərini bu il aprel ayının 15-dək ödəməsələr, onları cərimə sanksiyaları gözləyir. ABŞ prezidentinin administrasiyası bu il üçün istisana hal kimi vergi ödənişinin vaxtının ötürülməsinə görə cərimələrin müvəqqəti ləğv edilməsi təklifini irəli sürüb.