Elşad Məmmədov: "Yeni iqtisadi modelin formalaşması olduqca zəruridir"

2020.03.16 12:47 (UTC+04:00)

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, qısamüddətli perspektivdə ilin sonuna kimi milli iqtisadiyyatın dayanıqlığının qorunmasına ölkəmizdə fundamental şərait, şərtlər və əsaslar vardır: "Ona görə də uyğun iqtisadi idarəetmə siyasətinin, ilk növbədə, pul-kredit siyasətinin reallaşması şərti ilə 2020-ci ilin sonuna qədər ölkə iqtisadiyyatında ciddi problemlərin olmayacağını proqnozlaşdırmaq olar. Çünki bir tərəfdən bizdə iri həcmli - 50 milyard dollardan çox valyuta ehtiyatları var. Bu, pul bazasından dəfələrlə çoxdur və valyuta ehtiyatları nöqteyi-nəzərdən dayanıqlı təhlükəsizlik yastığı artıqlaması ilə mövcuddur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər baxımından da potensial böyükdür. Ötən illər Fondun büdcəsinin ciddi profisitlə icra olunması bunu deməyə əsas verir.

2019-cu ilin büdcəsinin icrası ilə bağlı Maliyyə Nazirliyində əlavə vəsaitlər qalsa da, büdcə defisitinin artırılması da istisna deyil. Bu amilləri nəzərə aldıqda ilin sonuna kimi ciddi problemlər gözlənilmir. Ancaq bu o demək deyil ki, dayanıqlı iqtisadi inkişaf üçün ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkədə investisiyaların həcminin kəskin şəkildə artırılması kimi məsələlər ön plandan çəkilməlidir. Bu məsələlər prioritet olmalıdır. Düşünürəm ki, dövlətin iqtisadi siyasətində idarəetmə baxımından yeni modelin formalaşması və tətbiq olunması olduqca zəruridir və yaxın gələcəkdə bunun şahidi olacağımıza ümid edirəm".

Fərqanə ALLAHVERDİQIZI