Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktorunun və "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun nümayəndələrinin birgə iştirakı ilə "Rəqəmsal ödənişlərin genişləndirilməsi" mövzusunda görüş keçirilib.
ABA-dan bildirilib ki, görüşün əsas müzakirə mövzusu "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində Banklar Assosiasiyası və Ekspert Qrupu tərəfindən elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi, rəqəmsal ödənişlərin stimullaşdırılması, habelə rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması və maliyyə savadlılığının yüksəldilməsi istiqamətində həyata keçiriləcək tədbirlər, bu layihələrin Mərkəzi Bankla birgə koordinasiya edilməsi olub. Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə məsafədən bank hesablarının açılması zamanı mövcud problemlərə, o cümlədən FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi ilə rəqəmsallaşmanın tam tətbiqinin mümkünsüzlüyü, elektron ticarət əməliyyatlarında risklərin daha effektiv idarə edilməsi, ölkədə mövcud POS-terminal şəbəkəsinin effektivliyinin qiymətləndirilməsi, habelə Ekspert Qrupunun iştirakı ilə ABA tərəfindən bank sistemində rəqəmsal bankçılıq sahəsində tətbiq edilən məhsul və xidmətlərin, həyata keçirilən stimullaşdırıcı layihələrin diaqnostikanının aparılması kimi məsələlərə də toxunulub.