Vergilər Nazirliyinin açıqlamasında qeyd edilib ki, qanunvericiliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslər, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyəti olan, eləcə də çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçiləri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) və s. sabit vergi ödəyiciləri siyahısındadırlar.
Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə görə, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" almaqla həyata keçirmək mümkündür. Həmin qəbz yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb,yarım il və ya il üçün Sadələşdirilmiş vergi üzrəsabit məbləğin ödənilməsi haqqında qəbz" ala bilər.
Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilib ki, bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
Fəaliyyət növünün adı |
Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ |
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət |
20 manat |
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət |
15 manat |
Çəkməçi, pinəçi |
5 manat |
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri |
10 manat |
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) |
10 manat |
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti |
20 manat |
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər |
15 manat |
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər |
10 manat |
Vergi Məcəlləsinin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödəyiciləri olan şəxslər:
Sabit verginin ödəyiciləri göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.
Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.
Fərqanə ALLAHVERDİQIZI