"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam edir

2020.03.13 18:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları şöbəsinin müdir müavini Emil Qasımov bildirib ki, ötən il regionların sosial-iqtisadi inkişafının 4-cü Dövlət Proqramı çərçivəsində intensiv və genişmiqyaslı tədbirlər görülüb: "2019-cu ildə dövlət proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası təmin edilib və regionlara 7,2 milyard manat vəsait yönəldilib. Şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamlarla əlavə 995,4 milyon manat vəsaitin ayrılması da regionların sosial-iqtisadi həyatında həlledici rol oynayıb. Nəticədə 2019-cu ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesinin 14,3 faiz, kənd təsərrüfatı istehsalının 7,2 faiz artmasında regionların fəal rolu olub. 2004-2019-cu illərdə 2,4 milyon yeni iş yerləri açılıb ki, onun da 70 faizi regionların payına düşür.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi və digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır.

Regionlarda işgüzar fəallığı vergi ödəyicilərinin sayının artım dinamikası da təsdiq edir. Ötən il regionlarda aktiv vergi ödəyicilərinin sayında 14 minədək artım qeydə alınıb, aktiv ƏDV ödəyicilərinin sayı isə 33,4 faiz artıb.

Aqrar sektorun inkişafında vacib rol oynayan 33 rayonda keçən il 16 aqropark və iri fermer təsərrüfatında işlər başa çatıb. Bu təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin və emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri ucuz xammalla təmin olunmasında, yerli məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayır.

Bununla yanaşı, investisiyaların stimullaşdırılması məqsədilə ölkədə investisiya təşviqi mexanizmi fəal tətbiq olunur. İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 355 sahibkarlıq subyektinə 421 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiya yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Layihələrin 87 faizi regionların payına düşür.

Sənayeləşmə və qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinə uyğun olaraq, Sumqayıt, Pirallahı, Qaradağ, Balaxanı, Mingəçevir, Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərurda sənaye zonalarının yaradılması bölgələrin potensialından daha səmərəli istifadə etməklə sahibkarlığın inkişafına təkan verir. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 5,9 milyard manat investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb.

Səbuhi TURAN