Rusiya parlamentinə ƏDV dərəcəsinin azaldılması barədə qanun layihəsi təqdim edilib

2020.03.13 19:03 (UTC+04:00)

Başda fraksiya lideri Gennadi Züqanov olmaqla Rusiya Federasiyasının Kommunist Partiyası Dövlət Dumasına 2025-ci ilə qədər əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin 20 faizdən 12 faizə endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Parlamentin aşağı palatasının rəsmi saytında nəşr edilmiş sənədin izahat qeydlərində göstərilib ki, "ölkənin iqtisadi potensialının bərpası və inkişafı üçün" Vergi Məcəlləsinin 164-cü maddəsinin 3-cü bəndində dəyişiklik etmək təklif olunur.

Müəlliflər bu təşəbbüsü "Vahid Avrasiya iqtisadi məkanını formalaşdırmaq məntiqi" ilə izah ediblər: bu ittifaqa üzv olan ölkələrin əksəriiyətində iqtisadiyyat keçid səciyyəlidir və əlavə dəyər yaradılması ilə bağlı imkanları məhduddur.

Təklif olunan düzəlişlər qəbul edilsə, 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiyada ƏDV dərəcəsi 2019-cu ildə 18 faizdən 20 faizə qaldırılıb. Bu il fevral ayında "Ədalətli Rusiya" partiyasının deputatları bu verginin dərəcəsinin 15 faizə endirilməsi ilə bağlı qanun layihəsi təqdim etmişdilər.