"Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib

2020.03.13 14:01 (UTC+04:00)

Martın 13-də Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, yəni, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur. Belə ki, qanunun III maddəsində "4 (dörd) il" sözləri 4 il 9 ay sözləri ilə əvəz edilir.

"Əmanətlərin tam sığortalanması haqqında" Qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədəolma müddəti başa çatıb.

Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 2016-cı il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında" Qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən əmanətlərin tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Beləliklə, Qanuna əsasən, 2016-cı il 4 mart - 2019-cu il 4 mart tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət bu il martın 4-dək uzadılıb. Xatırladaq ki, qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.