Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı valyuta bazarında yaranmış vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib ki, hazırda banklardan kənarda nağd pul 9,3 milyard manatdır. Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 milyard manat istehlak xərcləri həyata keçirir. Bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. Bun abaxmayaraq qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaq: "Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur".
Qeyd edək ki, bu həftə ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş üç valyuta hərracında banklara orta hesabla 700 milyon dollar vəsait satılıb. V.Qasımlı vurğulayıb ki, hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, gələn həftələrdə manatın dollara çevrilməsi tezliyi səngiyəcək.
V.Qasımlı manatla əmanətlərin dollara çevrilməsi məsələsinə də toxunub: "Bu zaman əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konvertasiya xərclərinə görə orta hesabla 10 faizə qədər vəsait itkisi yanaşacaq. Rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür. Başqa tərəfdən, 2014-cü ildə manatla depozitlərin dəyəri 9 milyard dollardan artıq olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir. Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb. Əvəzində, sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan haldır".
V.Qasımlının sözlərinə görə, 2014-cü ildə geniş pul kütləsinin (M3) 81 faizi, hazırda isə 63 faizi manatla ifadə olunur. Manatın geniş mənada pul kütləsində xüsusi çəkisi 2014-2020-ci illərdə 29 faiz azalıb. Bu da o deməkdir ki, manatın dollara çevrilməsi üçün indi 2014-cü ilə nisbətən daha az ehtiyac vardır: "Banklardan kənardakı nağd pulun geniş pul kütləsinə hazırki nisbətini 2014-cü ilin eyni göstəricisi ilə müqayisə edəndə, hazırda daha çox azalmanın şahidi oluruq – 45 faiz. Pul aqreqatları ilə hesablayanda hazırda dollarlaşma təzyiqi 2014-cü illə müqayisədə əhəmiyyətli şəkildə azalıb. Buna görə də, hökumətə və Mərkəzi Banka hazırda valyuta bazarının tələbini ödəmək daha asandır".
V.Qasımlı belə hesab edir ki, bu il ərzində Çin, İran və başqa ölkələrdən idxalın azalması perspektivini və ötənilki monetar qızılın idxalını da nəzərə alanda idxal ehtiyacları üçün keçən illə müqayisədə daha az valyuta lazım olacağı proqnozlaşdırıla bilər. Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını daşıyır: "Bu həftə Mərkəzi Bankda valyuta hərracları Dövlət Neft Fondu ilə birlikdə keçirilib. Dövlət Neft Fondu büdcəyə transfert və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün bu il onsuz da indiki kursla 6,8 milyard dolları yerli bazara təklif etməyi planlaşdırır".
Hazırda əsas vəzifənin valyuta bazarında tələb-təklifi tənzimləmək və təşvişə yol verməmək olduğunu deyən V.Qasımlı əhalinin valyuta tələbinin tam ödəniləcəyini vurğulayıb.