Türkiyədə keçən il hər əmlak şəhadətnaməsi üzrə 166 min lirə ödənilib

2020.03.11 18:42 (UTC+04:00)

Əmlak və Kadastr Baş İdarəsinin (Tapu ve Kadastro Genel Müdürlüğü) məlumatına əsasən, keçən il Türkiyədə 2 milyon 338 min daşınmaz əmlak (mənzil, iş yeri, torpaq sahəsi və əkin yeri) satılıb. Bu satışlardan ümumilikdə 389 milyard lirə (107,7 milyard manat) dəyər əldə olunub.

Əmlak şəhadətnamələri əməliyyatlarından xərclər üzrə əldə edilən gəlir 10 milyard 312 milyon lirə (2 milyard 854 milyon manat) olduğu halda, bağışlama, hissə-hissə ödəmə, ipoteka, nəqletmə və bölüşdürmə kimi digər əməliyyatlardan gələn xərc gəlirləri ilə bu məbləğ 10 milyard 924 milyon 221 min lirəyə (3 milyard manata) çatıb.

2019-cu ildə satışlarda hər bir əmlak şəhadətnaməsi üzrə ödənilən məbləğ əvvəlki illə müqayisədə 22 faiz artaraq 136.400 lirədən (37,75 min manat) 166.382 lirəyə (46 min manat) yüksəlib.

Sektor təmsilçiləri bu göstəricilərin real olmadığını, vergilərin məbləğinin azaldılması üçün əmlak qiymətlərinin süni şəkildə aşağı qiymətlərə rəsmiləşdirildiyini iddia edirlər.