Ötən il e-qaydada pensiya, müavinət və təqaüd təyinatı 55 mindən çox vətəndaşı əhatə edib

2020.03.11 18:07 (UTC+04:00)

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə yaradılmış elektron təyinat sistemləri vasitəsilə 55 min 500 şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 18 min 700-ü yaşa və əlilliyə görə pensiya, qalanları müavinət və təqaüd təyinatlarıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə həyata keçirilməsinə imkan verib.

Ümumilikdə, ötən il 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb, bu isə illik 200 minədək təyinatın e-qaydada, proaktiv şəkildə həyata keçirilməsi deməkdir.