Gürcüstanda əhalinin pensiya yığımlarından investisiya kimi istifadə olunur

2020.03.10 18:43 (UTC+04:00)

Gürcüstan Respublikasında əhalinin pensiya yığımlarından ilk dəfə sərmayə qoyuluşunda istifadə edilib. Pensiya Agentliyinin mətbuat xidmətinin saytında verilmiş açıqlamaya əsasən, yığılmış vəsaitlər Gürcüstandakı yüksək reytinqli kommersiya banklarının depozit sertifikatlarına qoyulub. Agentliyin qoyduğu sərmayənin ümumi məbləği 560 milyon lari (340 milyon manat) olub. Əmanətin faiz dərəcəsi 14,9 faiz, vəsaitin qoyulma müddəti isə 5 ildir.

Qeyd edək ki, Gürcüstanda pensiya yığım sistemi 2019-cu il yanvarın 1-dən tətbiq olunur. Yaşı 40-a çatmamış bütün vətəndaşlar üçün bu sistemə qoşulmaq məcburidir, digər vətəndaşlar isə öz vəsaitlərini həmin sistemə köçürməkdən imtina edə bilərlər.