- Ruslan müəllim, son illərdə aparılan iqtisadi islahatların, o cümlədən vergi islahatlarının sahibkarlığın inkişafına təsirlərini ümumi şəkildə necə səciyyələndirmək olar?
- 2019-cu və 2020-ci illərdə qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycanda sahibkarlıq mühitinin daha da təkmilləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, şəffaf işləməyin həm sahibkarlıq subyeklərinin rəqabət qabiliyyətliliyinin artırılmasında, həm də rəqabət mühitinin inkişafında mühüm rolu vardır. Sahibkarlıq mühitinin şəffaflaşdırılması və bütün sahibkarların qanunvericilik çərçivəsində işləməsinə şəraitin yaradılması istiqamətində aparılan işlər sonda sahibkarlıq subyektlərində qanunçuluğa daha çox riayət edərək fəaliyyət göstərmək meyillərini artırır. İş adamları anlamağa başlayıblar ki, ölkədə aparılan islahatlar kampaniya xarakteri daşımır, davamlı və ardıcıl prosesdir.
İş adamları anlamağa başlayıblar ki, ölkədə aparılan islahatlar
kampaniya xarakteri daşımır, davamlı və ardıcıl prosesdir
Təbii ki, həm vergi, həm gömrük sahəsində, eləcə də kiçik və orta sahibkarlığın inkişafı, ixracın və investisiyaların təşviqi sahəsində aparılan silsilə tədbirlər, yürüdülən siyasət sahibkarlara şəffaf işləməyə marağı artırır. Əslində, şəffaflığın formalaşmasını, sahibkarlıq subyektlərində kölgədən şəffaflığa getməyi şərtləndirən bir sıra amillər vardır. Birincisi, sahibkarlıq subyekləri anlayırlar ki, öz fəaliyyətlərinə maliyyə, əlavə investisiya cəlb etmək üçün (bu, borc vəsaiti, xarici kapital və ya hər hansı qiymətli kağızlar bazarı ola bilər) mütləq şəffaf işləməlidirlər. Hətta müəssisədə korporativ idarəetmə standartları tətbiq olunduqda belə, investorların, şirkətlərin marağını cəlb etmək üçün artıq öz maliyyə vəziyyətləri barədə ətraflı məlumat verməlidirlər. Təbii ki, bu da şəffaflıq şəraitində mümkündür.
- Ötən il ödənilən vergilərin həcmi artıb və toplanılan vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Burada hansı amillərin rolu daha böyükdür?
- Bu artımlar birbaşa Vergi Məcəlləsinə edilən yeniliklərlə bağlıdır. Son dövrlər aylıq gəliri 8.000 manata qədər olan şəxslərin vergidən azad edilməsi, o cümlədən sahibkarlıq sahəsində sadələşdirilmiş verginin həcminin azaldılması, əvəzində mənfəət vergisi ödəyicilərinin imkanlarının genişləndirilməsi, islahatların aparılması nəticəsində şirkətlər daha şəffaf fəaliyyət göstərməyə maraq göstərirlər. Bununla belə, qeyri-şəffaf fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlərin nəzərdə tutulması da sahibkarları şəffaf işləməyə meyilləndirir.
Son dövrlərdə ödənilən verginin həcmində və vergi daxilolmalarında
qeyri-neft-qaz sektorunun payının artması xüsusi əhəmiyyət kəsb edir
Daha bir məqam da odur ki, şəffaflaşma sahibkar-işçi münasibətlərinə də sirayət etməkdədir. Təsadüfi deyil ki, 2019-cu ildə 153 min əmək müqaviləsi bağlanılıb. Bunun 99 mini məhz özəl sektorun payına düşür. Digər məsələ, son dövrlərdə ödənilən verginin həcmində və vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payının artması xüsusi əhəmiyyət kəsb edir. Şəffaflıq nəticə etibarilə vergilərin həcminin artmasına gətirib çıxarır. Bu, vergi məbləğlərinin, vergi dərəcələrinin artırılması hesabına deyil, məhz vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, sayının artması hesabına formalaşıb.
Cari ilin mart ayının 1-nə olan məlumata görə, ölkədə 143 min hüquqi şəxs yaradılıb. Halbuki 2 il əvvəl bu göstərici 87 min olmuşdu: arada iki dəfəyə yaxın artım var. Fiziki şəxslərin də sayı artır – hazırda 900 mindən çoxdur. Sahibkarlıq subyektlərinin 91 faizinin intizamlı və könüllü vergi ödəyicisi olması vergi daxilolmalarının həcminin də artmasına gətirib çıxarıb. Bu isə son nəticədə dövlət büdcəsinin dəyişən neft qiymətlərindən asılılığının azalmasına və daha sabit və proqnozlaşdırıla bilən gəlirlər hesabına formalaşmasına mühüm təsir göstərir.
Yoxlamaların azaldılması, sahibkar-məmur münasibətlərinin minimuma
endirilməsi sahibkarları elektron yazışmalara üstünlük verməyə yönləndirir
- Sahibkarlara tətbiq edilən yoxlamaların azalması özünü biznesdə necə göstərir?
- Ölkə başçısının tapşırığı ilə sahibkarlıq subyektlərində yoxlamaların azaldılması, o cümlədən vergi sistemində kameral və səyyar vergi yoxlamalarının, operativ nəzarət və xronometraj, yəni müşahidə sistemlərinin tətbiq olunması yoxlamaların maksimum dərəcədə daha effektiv variantlarının seçilməsinə gətirib çıxarıb. Sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları deyil, kameral yoxlamalara üstünlük verilir. Son dövrlər sahibkarlıq subyektlərinin davamlı şəkildə maarifləndirilməsi sayəsində biznes strukturları daha çox vergi və mühasibat uçotu sahəsində təcrübəsi olan mütəxəssisləri işə götürürlər.
Təkcə onu qeyd edək ki, 2019-cu ildə hər min sahibkarlıq subyektinə 2 səyyar vergi yoxlaması düşüb. Yoxlamaların azaldılması, sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi sahibkarları elektron yazışmalara üstünlük verməyə yönləndirir. Hesab edirik ki, bu tendensiyanın hökm sürdüyü şəraitdə sahibkar biznesin inkişafına daha çox vaxt ayıra bilir və öz binesini inkişaf etdirir. Ən əsası isə odur ki, sahibkar artıq vergi orqanları ilə yaxından əməkdaşlıq edir, onunla tərəfdaşa çevrilir.
Fərqanə ALLAHVERDİQIZI