İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov əmanətlərin tam sığortalanması ilə bağlı müddətin uzadılmasının zəruri addım olduğunu bildirib: "Hazırda kommersiya banklarında əmanətlərin həcmi 8,5 milyard manat təşkil edir. Həmin vəsaitlərin banklarda qalmasını təmin etmək və əhalinin banklara inamını qorumaq üçün əmanətlərin tam sığortalanması ilə bağlı müddətin uzadılması zəruri idi.
Bəzi banklarda risk dərəcəsi yüksək olduğuna görə vətəndaşlarımız həmin banklardan öz vəsaitlərini götürməklə bağlı çətinliklə üzləşirdilər. Hətta əmanət müqaviləsinin uzadılması ilə bağlı problemlər var idi. Təbii ki, müddətin başa çatması əmanətçilər üçün narahatlıq yaradırdı. Bu baxımdan belə bir qərarın verilməsinə ciddi ehtiyac var idi. Müddətin uzadılması banklardan əmanətlərin geri çəkilməsi prosesinin qarşısını aldı.
Hazırkı dövrdə müddətin uzadılmasını düzgün addım kimi qiymətləndirən iqtisadçı Samir Əliyev isə qarşıdakı dövrdə əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: "Əmanətlərin tam sığortalanması bank sektorunda rəqabət mühitini pozur. Əhali öz əmanətini daha çox ilk beşlikdə və ya onluqda olan banklarda yerləşdirir.
Çünki bu banklarda risk səviyyəsi daha azdır. Nəticədə kommersiya banklarının 60-70 faizi əmanətdən kənar qalır. Bu isə əmanət bazarında təmərküzləşməyə gətirib çıxarır".
İqtisadçılar dekabrın 4-dən sonra əmanətlərin tam sığortalanması əvəzinə 100 min manatlıq limitin qoyulmasını təklif edir. Ümumi rəy belədir ki, limit qoyulması əmanət porfelinin banklar arasında paylanmasına şərait yaradacaq. Yəni 500 min manat əmanəti olan vətəndaş həmin vəsaiti bir bank əvəzinə 5 bankda yerləşdirməyə məcbur olacaq. Bununla həm dövlət əmanətləri limitsiz sığortalamır, böyük öhdəlik götürmür, həm də orta təbəqəyə mənsub olan əmanətçi vətəndaşların depozitləri sığortalanmış olur.
Səbuhi TURAN