Brent markalı neft qısa müddətdə 31 faiz ucuzlaşaraq bareli 31,31 dollara, ABŞ xam nefti də (WTI) 31 faiz ucuzlaşaraq bareli 27,43 dollara düşüb. Bu, 1991-ci ildən bəri ən kəskin ucuzlaşmadır.
Oksford Enerji Araşdırmaları İnstitutunun tədqiqatçısı Gülmira Rzayeva koronovirus epidemiyasının neft istehlakına mənfi təsir göstərdiyini və bazarda təklif bolluğunun müşahidə edildiyini bildirib: "Qiymətlər Çində iqtisadiyyatın geriləməsi və neft istifadə olunan sənaye sahələrinin durmasından sonra aşağı enməyə başladı. Çünki neftə tələbat kəskin şəkildə aşağı düşdü. Çin dünya bazarındakı neftin 40 faizini istehlak edən ölkədir və orada iqtisadiyyatın yavaşlaması neftin daha az idxal etməsi ilə nəticələnib. Təbii ki, bunlar qiymətlərə də təsir etməyə bilməzdi.
Ötən həftə Rusiyanın Neft İxrac Edən ölkələr Birliyinin hasilatı azaltmaq təklifini qəbul etməməsindən sonra Səudiyyə Ərəbistanı daha kəskin addımlar atmağa qərar verib. Bu ölkə Avropa və Asiyadan olan müştəriləri üçün 6-8 dollar civarında endirim etməyi planlaşdırır ki, bu da neftin qiymətlərinə son dərəcə mənfi təsir edəcək. Hazırkı qiymətlər Səudiyyə Ərəbistanı və Rusiyanı qane etdiyinə görə, düşünürəm ki, "OPEC+" çərçivəsində qarşıdakı 2-3 ay ərzində hasilatın azaldılması ilə bağlı razılaşma əldə olunmayacaq".
Səbuhi TURAN