Əziz xanımlar!

2020.03.08 09:00 (UTC+04:00)

Bu gün hamımız üçün əziz bir bayramı qeyd edirik. Bu bayramın harada, nə vaxt, kim tərəfindən və nə münasibətlə təsis olunmasından asılı olmayaraq 8 Mart hər birimizin yaddaşının, ruhunun dərinliyində ayrıca yer tutur. Dünyaya göz açdığımız vaxtdan bəri ilin bu günü yaddaşımızda ana sevgisinin möhtəşəmliyini, gözəlliyin ülviyyətini, qadın mərhəmətinin sonsuz hənirini həkk eləyən bir bayram kimi qalıb. Bu gün hamımız üçün, sadəcə, bir "təqvim bayramı" deyil, sözün əsl mənasında, qəlblərimizin bayramıdır. "8 Mart" deyəndə qadınlar qarşısında borclu olduğumuzu düşünürük: gözəl, zərif, şəfqətli olduqlarına görə onlara diqqət və həssaslıq borcumuz var. Müdrik, təmkinli, zəhmətkeş və fədakar olduqlarına görə minnətdarlıq borcumuz var. Qayğılı dünyamıza bayram havası gətirdiklərinə görə isə təşəkkür və təbrik borcumuz var...