Aİ ABŞ-la ticarət müzakirələrinə nikbin baxır

2020.03.06 18:10 (UTC+04:00)

ABŞ prezidenti Donlad Trampın 2018-ci ildə milli təhlükəsizliyi səbəb göstərərək ölkəsinə idxal edilən polad və alüminium üçün əlavə gömrük vergilərinin tətbiqi ilə bağlı qərarı ABŞ ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə gərginlik yaratmışdı. İndiyə qədər aparılan müzakirələrdə Aİ rəhbərliyi ABŞ tərəfini öz qərarından daşındırmağa müvvəffəq ola bilməmişdi.

ABŞ-a qarşı analoji addım atan Aİ isə yüzlərlə Amerika məhsuluna 25 faizlik əlavə vergi tətbiq etməyə başlamış, bu isə ABŞ-ın Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq edəcəyini gündəliyə gətirmişdi…

Aİ Komissiyasının rəhbəri Ursual Von der Leyen son bəyanatında Aİ ilə ABŞ arasında danışıqların müsbət nəticə verəcəyinə ümid bəslədiyini bildirib. Brüsseldə keçirilən "Business Europe Day" adlı tədbirdə çıxış edən Von der Leyen deyib: "Münasibətlərimizi müsbət təməl üzərində irəli aparmaq üçün sürətlənmə olacağına inanıram. Təbii, əldə ediləcək sazişin taraz, eləcə də Dünya Ticarət Təşkilatı qaydalarına və mövcud Aİ qanunlarına uyğun olmasının vacibliyinin fərqindəyəm".

Qarşıdakı günlərdə Aİ Komissiyasının ABŞ dövlətinə qarşılıqlı ticarət məsələlərini əhatə edən təkliflər paketini təqdim edəcəyi gözlənilir.