Hüquqi şəxslərin 87 faizdən çoxu MMC-dir

2020.03.06 11:59 (UTC+04:00)

Vergilər Nazirliyinin məlumatına əsasən, fevralda fəaliyyəti aktiv olan hüquqi şəxslərin 84,9 faizi kommersiya qurumlarıdır. Ümumiyyətlə, ötən ay 127 min 527 kommersiya qurumu qeydiyyatda olub. Onlardan 70 min 093-nün və ya ümumi kommersiya qurumlarının 55 faizinin vəziyyəti aktiv olub. İl ərzində aktiv kommersiya qurumlarının sayı 12 min 141 vahid (21 faiz), xüsusi çəkisi isə 3,5 faiz artıb.

Fevralda kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 20 min 491 vahid təşkil edib. 2019-cu ilin fevral ayı ilə müqayisədə 4.025 vahid (24,4 faiz) artıb, onların xüsusi çəkisi isə 0,8 faiz çox olub. Ümumiyyətlə, ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 5 min 466 vahid və ya 18,7 faiz artaraq 34 min 658 vahid təşkil edib.

2020-ci ilin ilk 2 ayında kommersiya qurumlarının 1.369-u və ya 62,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 90,8 faiz təşkil etmişdir.

Həmin dövrdə 204 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) qeydə alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,4 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 13,5 faiz təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin sayı 15.021 vahid və ya 13,4 faiz artıb. İlk 2 ayda 197 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Onlardan 17-si Azərbaycan Respublikasının Prezidentinin fərmanları və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə təsis edilib. Naxçıvan Muxtar Respublikası tabeli 31, Səhiyyə Nazirliyi tabeli 112, Təhsil Nazirliyi tabeli 6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeli 4, İqtisadiyyat Nazirliyi tabeli 2 publik şəxs qeydiyyatdadır. Qeydiyyatda olan daha 25 publik şəxs digər dövlət orqanları tərəfindən təsis edilib.