"Toyota" şirkətinin modernləşdirilmiş markası olan "Corolla" avtomobilinin istehsal xəttinin açılışına həsr edilmiş mərasimdə iştirak edən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktay hibrid avtomobil istehsalına xeyir-dua verib: "Dünyanın ikinci markası olan "Toyota" Türkiyənin avtomobil ixracatında ikinci yerdədir. "Toyota"nın "Corolla" modeli isə dünyada ən çox satılan bir model kimi məşhurdur. Hibrid avtomobil modelinin ölkəmizdə istehsal edilməsi ilə bu sahədə əhəmiyyətli bir sıçrayış olacağına ürəkdən inanırıq".
F.Oktay qeyd edib ki, Türkiyə hibrid avtomobillər üçün çox ciddi vergi güzəştləri tətbiq edir: "50 faizə qədər yanacaq qənaəti ilə işləyən avtomobillər üçün biz də 50 faizlik vergi güzəşti etmişik. Ölkəmiz hibrid və elektriklə işləyən avtomobillərin satışı sahəsində hələlik körpə uşaq kimi iməkləmək mərhələsindədir. Lazım olsa, dövlət başçımızın rəhbərliyi ilə yeni təşviqedici tədbirlər görməklə mövcud göstəriciləri yüksəltmək niyyətimiz var. Texnologiyanın son imkanlarından istifadə olunaraq istehsal edilən "Corolla"nın ölkəmiz və dünya üçün xeyirli olmasını diləyirəm. Bu günə qədər ölkəmizə 2,5 milyard dollar sərmayə qoymuş "Toyota" ilə qarşıdakı dövrlərdə daha yaxşı tərəfdaşlıq qura biləcəyimizə inanıram. Ölkəmizdə sərmayəçilərin ehtiyac hiss etdikləri hər cür şərait təmin olunub və bu, davam etməkdədir. Türkiyədə sərmayə qoymaq istəyən şirkətlərə yardım etmişik. Beynəlxalq şirkətləri öz şirkətlərimizdən əsla ayırmamışıq və ayırmayacağıq. Öz qaynaqlarımızı ən məhsuldar şəkildə qiymətləndirməklə Türkiyəni inkişaf etmiş ölkələr sırasına gətirəcək sistem üçün bazis yaratmışıq".