"Sahibkarlar Klubu" yaradıldı

2020.03.05 17:42 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Bankı öz müştərisi olan sahibkarlar üçün "Sahibkarlar Klubu" yaradıb. "Sahibkarlar Klubu"nun təqdimat mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri də iştirak edib.

"Sahibkarlar Klubu"nun yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.

"Sahibkarlar klubu”nun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər ediləcək. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunacaq. Bundan başqa, aqrar, xidmət, turizm, tikinti, ticarət və s. bu kimi prioritet sahələrdə bir sıra innovativ həllər sahibkarların istifadəsinə veriləcək. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı sosial paketlərdən faydalanacaqlar. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirəcək, faydalı tərəfdaşlar tapacaqlar.

"Sahibkarlar Klubu" öz üzvlərinə hüquq, mühasibat, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərəcək. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edəcək. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala biləcəklər.