Mikro sahibkarlar üçün 75 faizlik güzəşt

2019.01.29 12:57 (UTC+04:00)

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsə ödəniş aparılarkən 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz sosial sığorta ödənişləri tutulur.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şöbə rəhbəri Gülnar İsayeva bildirib ki, vergi orqanlarında uçotda olan işçi uçotda olan fərdi sahibkara, yaxud hüquqi şəxslərə xidmət göstərərsə, 2019-cu il yanvarın 1-dən həmin şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb: "Bundan sonra həmin işçilər gəlir vergisinin ödəyicisi kimi uçota alınaraq vergi öhdəliklərini gəlir vergisinin hesablanması qaydalarına uyğun yerinə yetirməlidirlər. Mülki-hüquqi xarakterli müqavilə əsasında işə cəlb olunan vergi orqanında uçota alınmış şəxslərin əksəriyyəti mikro sahibkarlıq subyekti olduğundan, onlar 75 faizlik güzəşt hüququndan istifadə edə bilərlər".

G.İsayeva əlavə edib ki, mikro sahibkarlıq subyektləri il ərzində əldə edilən gəlirlərindən xərclər çıxılmaqla öz öhdəliyini 25 faiz vergi ödəməklə yerinə yetirəcəklər. Həmin şəxslərin sosial sığorta öhdəlikləri isə əvvəlki illərdə olduğu kimi saxlanılıb.

Elxan SALAHOV