Yaponiya parlamentinin aşağı palatası növbəti maliyyə ili üçün dövlət büdcəsini təsdiq edib

2020.03.04 18:22 (UTC+04:00)

Büdcənin məxaric hissəsi 102,66 trilyon yen (təqribən 938 milyard dollar) təşkil edəcək ki, bu da cari maliyyə ili ilə müqayisədə 1 trilyon yen çoxdur. Xərclərin əsas hissəsini sosial müdafiə məsrəfləri təşkil edir. Növbəti maliyyə ilində bu məqsədlə xərclərin təqribən 5 faiz artacağı və 35,86 trilyon yen (təqribən 328 milyard dollar) təşkil edəcəyi bildirilir. Buna əsas kimi, əhalinin sürətlə qocalması və əmək qabiliyyətli əhalinin sayının azalması göstərilir. Buraya, həmçinin ödənişsiz təhsil məsrəfləri də daxil edilib.

Yaponiyanın dövlət büdcəsinin məsrəflər hissəsi artıq ikinci ildir ki, 100 trilyon yeni keçir və bu, nəhəng dövlət borcunun azaldılması ilə bağlı vəzifəni həyata keçirməyə imkan vermir. Hazırda Yaponiyanın dövlət borcu ümumi daxili məhsulun həcmini iki dəfədən çox üstələyir. Bununla yanaşı, gələn maliyyə ilində ötən ilin oktyabrında istehlak vergisinin 8 faizdən 10 faizədək artırılması nəticəsində büdcəyə gəlirlərin artacağı gözlənilir. Büdcə layihəsinə əsasən, onun 63,5 trilyon yen (581 milyard dollar) təşkil edəcəyi bildirilir.