Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev forumda çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Bildirib ki, biznes forumun məqsədi Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir.
Diqqətə çatdırılıb ki, ötən il Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsi 61 milyon dollar təşkil edib. Rostov vilayəti Azərbaycana maşınqayırma və kimya məhsulları tədarük edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsinin artırılması üçün imkanlar genişdir.
Onun sözlərinə görə, son illər Azərbaycanda yol-nəqliyyat infrastruktutuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub: "Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycan üçün böyük maraq kəsb edir. Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər".
Nazir Rostovdan olan iş adamlarını iqtisadiyyata pul qoymağa çağırıb: "Azərbaycan xarici investisiyalar üçün "açıq qapı" siyasəti həyata keçirir".
Biznes forumunda Azərbaycan və Rostov vilayətinin müxtəlif sahələri təmsil edən şirkətlərinin nümayəndələri iştirak edir.