"OPEC+" ölkələri Vyanada neft hasilatındakı yeni məhdudiyyətləri müzakirə edəcək

2020.03.04 15:59 (UTC+04:00)

Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Mohamed Arkab bildirib ki, toplantıda yeni növ koronavirusun yayılması səbəbindən neft bazarında istehlak edilməmiş neft həcminin azaldılması yolları, istehsalda yeni və əhəmiyyətli məhdudiyyətlərin tətbiqi nəzərdən keçiriləcək. O, 2019-cu ilin dekabrında neft hasilatının azaldılması bağlı qəbul olunan qərarın davam etdirilməsi tendensiyanın, OPEC-lə Rusiya da daxil olmaqla digər neft istehsal edən ölkələr arasında konsensusun olduğunu deyib.

Qeyd edək ki, martın 5-6 da Vyanada OPEC Nazirlər Şurasının 178-ci iclasının, eləcə də "OPEC+" ölkələrinin nazirlərinin 8-ci görüşünün keçirilməsi gözlənilir. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasının isə martın 4-də təşkili planlaşdırılır.

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.