Yeni qaydalar qüvvəyə minənə qədər tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda həmin hissələrin təqdim edilməsi zamanı vergitutma ilə bağlı mübahisələr yaranırdı. Yeni dəyişikliklə dövlətə ayrılan hissədən yaranan dövriyyə vergiyə cəlb olunan gəlir hesab edilir.
Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
Daha bir yenilik də ondan ibarətdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər səyyar vergi yoxlamasının başlandığı günədək yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə məlumat formasını təqdim etmədikdə və ya belə sahələrin təqdim edilmədiyi barədə məlumat təqdim etdikdə, bu zaman həmin yaşayış və qeyri-yaşayış sahələri vergitutma məqsədləri üçün yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır.
Vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizlik hissəsi geri qaytarılacaqdır.
Misal: Tutaq ki, fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 236.000 manat (ƏDV ilə) məbləğində ev alır. Bu zaman həmin məbləğin ƏDV hissəsi 36.000 manat ( 236.000 x 18/118) olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği 10.800 manat (36000,0 x 30 %) təşkil edəcəkdir.
Fəxriyyə İKRAMQIZI