Rusiyada vergi monitorinqi sisteminin inkişafı və fəalliyyəti konsepsiyasının həyata keçirilməsi aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə Maliyyə Nazirliyinə və Federal Vergi Xidmətinə həvalə edilib.
Konsepsiya vergi nəzarətinin keyfiyyətinin və effektivliyinin yüksək texnoloji həllər əsasında artırılmasına, vergi orqanları ilə vergi ödəyicisi olan şirkətlər, yığımların, sığorta haqlarının ödəyiciləri arasında münasibətlərin sadələşdirilməsinə və asanlaşdırılmasına, eləcə də vergi ödəyicilərinin fəaliyətində şəffaflığın artırılmasına yönəldilib.
Konsepsiyanın məqsədi riskə yönəldilmiş yanaşmanın tətbiqi əsasında vergi nəzarətinin rəqəmsallaşdırılmasının yollarını və üsullarını müəyyənləşdirməkdir. Gələcəkdə vergi nəzarəti funksiyasının vergi ödəyicilərinin korporativ informasiya sistemlərinə inteqrasiya olunmasına şərait yaradacaq bu yanaşma sahə spesifikası nəzərə alınaraq vergi ödəyicilərinin yüksək riskli əməliyyatlarının yoxlanılmasını əhatə edir. Bunun sayəsində vergilərin, yığımların və sığorta haqlarının könüllü şəkildə, düzgün və vaxtında ödənilməsi, vergi nəzarətinin effektivliyinin yüksəldilməsi, vergi ödəyiciləri üçün inzibati yükün azaldılması təmin olunacaq.