"Kölgə"dən çıxan sahibkarların kredit əldə etməsi asanlaşır

2020.03.04 11:05 (UTC+04:00)

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, ölkə iqtisadiyyatında şəffaflıq artdıqca biznesin kredit əldə etməsi də asanlaşacaq: "Ölkə başçısının çağırışından sonra biz bank sektorunda bir neçə məsələdə dəyişiklik görürük. Birincisi, bank sektorunda sənaye, istehsal sahəsi ilə işləməyə bir meyillilik yaranıb. Bu, rəqəmlərdə də görünür. Məsələn, 2019-cu ilin sonunda istehsala, sənayeyə ayrılan kreditlərin həcmi ümumi kredit qoyuluşlarının 5 faizini təşkil etdiyi halda, fevral ayında bu göstərici 7 faizi keçib.

Faizlərin də azaldığı müşahidə edilir. Vaxt var idi ki, biznes kreditləri illik 25-28 faizlə təklif olunurdu. 2019-cu ildən faizlərdə azalma başlayıb və hazırda illik 14-16 faizlə kredit götürmək mümkündür.

Bu prosesdə dövlətin atdığı çox ciddi addımlar var. Əvvəla, devalvasiyadan sonra bankların artan "problemli kreditlər məsələsi" həll edildi. Daha sonra mərhələli olaraq uçot dərəcəsi aşağı salındı. Mərkəzləşdirilmiş kreditlər üzrə faiz dərəcəsinin 7,25 faizə qədər azaldılması kommersiya banklarının Mərkəzi Bankdan vəsait götürmək imkanlarını genişləndirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra ölkə iqtisadiyyatında şəffaflaşma meyilləri artdı, bir sıra bizneslər "kölgə"dən çıxmağa başladı. Təbii ki, müəssisələrin şəffaf fəaliyyət göstərməsi onların maliyyə vəsaiti əldə etməsini asanlaşdırır. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə tədbirləri artdıqca, biznes kreditlərinin də həcminin genişləndiyini müşahidə edəcəyik".

Səbuhi TURAN