Kənd təsərrüfatı məhsulları üçün ixrac bazarları araşdırılır

2020.03.03 16:34 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Qətər Əmirliyində işgüzar səfərdədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüşlərdə aqrar sahədə iki ölkənin birgə əməkdaşlığı nəticəsində görülən işlər, Azərbaycan və Qətər arasında kənd təsərrüfatı sahəsində münasibətlər, yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarının ixracı istiqamətində müzakirələr aparılıb, qətərli nümayəndələrə Azərbaycanın ixrac potensialı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin iş prinsiplərindən biri də yerli fermer və qida istehsalçılarını ixraca təşviq etmək, eləcə də yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarını xarici ölkələrdə tanıtmaq və ixrac imkanlarını araşdırmaqdır.