II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə "Təhlükəsiz hökumət buludu" mövzusunda tədbir keçirilib.
"Trend"in məlumatına görə, məqsəd "Hökumət buludu" layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.
Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. "Hökumət buludu dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən bulud hesablama texnologiyasıdır".