Banklar biznes kreditlərinin həcmini artırmalıdır

2020.03.03 10:47 (UTC+04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, biznesin inkişafı üçün banklar bu sahəyə daha çox kredit verməlidir: "Banklar biznes kreditlərini qısa müddətə illik 14-15 faizlə təklif edir. Əgər biz istehsalat, sənaye sektorunun inkişafını nəzərdə tuturuqsa, burada kreditlərin faiz dərəcəsi azaldılmalı, güzəşt müddəti ən azı 3-5 il, hətta 10 ilə qədər artırılmalıdır. Lakin banklar buna gedə bilmir, çünki onların özlərinin də uzunmüddətli maliyyə mənbələri yoxdur. Bizdə bankların vəsaiti əsasən əhalidən cəlb edilən əmanətlər hesabına formalaşır. Onların da müddəti qısamüddətli olur. Hesab edirəm ki, Mərkəzi Bank tərəfindən kommersiya bankları ucuz və uzunmüddətli vəsaitlə təmin edilməlidir.

Hazırda Azərbaycanda biznes kreditlərinin həcmi çox azdır. Sahibkarlara verilən kreditlər ümumi daxili məhsulun cəmi 10 faizi qədərdir. Bu göstərici ən azı 2-3 dəfə artırılmalıdır ki, ölkədə sənaye inkişaf etsin, yeni iş yerləri açılsın, iqtisadi inkişaf sürətlənsin".

Səbuhi TURAN