Vergilər Nazirliyi könüllülər cəlb edəcək

2020.03.02 16:55 (UTC+04:00)

Vergilər Nazirliyinin könüllü fəaliyyəti ilə bağlı rəsmi internet səhifəsində bildirilib ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərəcəklər. Arzu edənlər bunun üçün 6 mart 2020-ci il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə aşağıdakı linkdən istifadə edərək onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaq.

Xatırladaq ki, Vergilər Nazirliyində təsdiq edilən "Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları"na əsasən, qanunvericiliyin tələbləri nəzərə alınmaqla seçilən könüllülərlə 2 ay müddətinə müqavilə bağlanılır. Müddət başa çatdıqdan sonra onların fəaliyyəti müvafiq qaydada qiymətləndirilir və onlar sertifikatla təmin edilir.