"KOB Dostu" Mingəçevir şəhərində fəaliyyətə başlayıb

2020.03.02 15:03 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq, növbəti Kiçik və Orta Biznes Dostu ("KOB Dostu") Mingəçevir şəhərində fəaliyyətə başlayıb.

KOBİA-dan bildirilib ki, bununla bağlı martın 2-də agentliyin təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, eləcə də regionda fəaliyyət göstərən sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. "KOB Dostu" ilə fəal əməkdaşlıq Mingəçevir və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Mingəçevirdə fəaliyyətə başlayan "KOB Dostu" sayca 23-dür.