Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı, ağır maşınqayırma, kompozit materialların istehsalı və xüsusi vaqonqayırma, həmçinin plastik su qabları, tara, polietilen kisələr, tikinti materialları istehsalı üçün avadanlıqlar, maye, yarpaq və gel gübrələr, balıq yemi, plastik qab, bioprotein yem və gübrələr istehsalı kimi sahələr fəaliyyət göstərəcək. İndiyədək buraya sahibkarlar tərəfindən 11 milyon manata yaxın investisiya qoyulub. Ümumilikdə, bütün layihələr fəaliyyətə başladıqdan sonra sahibkarlar tərəfindən 60 milyon manatdan çox investisiya qoyuluşu və 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hacıqabul Sənaye Məhəlləsində müəssisələr tərəfindən avadanlıqların quraşdırılması işlərinə başlanılıb. Sənaye məhəlləsində iştirakçı kimi qeydiyyatdan keçmiş 11 müəssisədən 2019-cu ildə dördü - müxtəlif növ gübrə, plastik su qabları, plastik tara və polipropilen kisə istehsalı müəssisələri sınaq müddətində fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan müəssisələr tərəfindən qısa müddətdə 338 min manatlıq məhsul istehsal edilərək satılıb.
Digər sahibkarlar tərəfindən isə avadanlıqların quraşdırılması, sazlama, işə salma işləri və eyni zamanda, torpaq sahələrində tikinti işləri davam etdirilir və bu müəssisələrin 2020-2021-ci illər ərzində fəaliyyətə başlamaları nəzərdə tutulur.
Ötən il dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın "Penopleks SPB" şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun da təməli qoyulub. İllik istehsalat həcmi 100 min kubmetr, investisiya dəyəri isə 6,5 milyon ABŞ dolları olan bu layihə çərçivəsində penopolistiroldan istilik izolyasiya piltələrin istehsalı nəzərdə tutulur.