Nyu-Yorkda plastik torbalardan istifadə qadağan olunur

2020.02.28 18:38 (UTC+04:00)

Martın 1-dən qüvvəyə minəcək yeni əyalət qanunu ilə əyalətdə plastik torbalardan istifadəyə son qoyulacaq.

Nyu-York valisi Andrü Kuomo tərəfindən keçən il qəbul edimiş qanunla əyalətdəki mağazalarda plastik torbaların istifadəsinə qadağa qoyulması ilə yanaşı, hər kağız torba üçün də 5 sent vergi tutulması qərara alınmışdı. Qərar qüvvəyə minəndən sonra kağız torbalar üçün tutulacaq 5 sentin 2 senti vergi kimi yerli idarəetmə orqanına, qalan 3 senti isə ətraf mühitin mühafizəsi fonduna köçürüləcək.

Yeni əyalət qanununun tələbləri ilə bağlı xəbərdarlıqlar Nyu-York metrosu da daxil olmaqla şəhərin müxtəlif yerlərindəki elan lövhələrində yerləşdirilib. Plastik tullantıların azaldılması və təbiətin qorunması məqsədi daşıyan qadağa bütün supermarketlərə, mağazalara və pərakəndə satış obyektlərinə şamil ediləcək.

Nyu-Yorkun Ətraf Mühitin Mühafizəsi İdarəsinin məlumatına əsasən, hər il əyalətdə 23 milyarddan artıq plastik torba atılır.