2020-ci il ərzində qeyri-neft ixracında önə çıxan məhsullar məlum olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin verdiyi məlumata görə, həmin məhsullar xurma, pambıq lifi (daranmaya məruz qalmamış), elektrik enerjisi, ilkin formalı polipropilen, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilendir.
Ümumiyyətlə, 2020-ci ilin yanvar ayında meyvə-tərəvəz ixracı 42 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 15,6 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon dollar olub. Eyni zamanda 10,7 milyon dollarlıq pambıq lifi, 9 milyon dollar həcmində kimya sənayesi məhsulları, 7,7milyon dollarlıq elektrik enerjisi, 3,7 milyon dollar həcmində qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Xaricə satılan pambıq ipliyinin həcmi isə 2,9 milyon dollar təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ilin yanvar ayında pambıq ipliyinin ixracı 3,4 dəfə, kimya sənayesi məhsullarının ixracı 34 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 33 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16 faiz artıb.