İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayını təqdim edib. Sənədə əsasən, 2020-ci ilin yanvar ayı ərzində Azərbaycandan 2,1 milyard ABŞ dolları həcmində məhsul ixrac edilib. Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz artıqdır.
İlk ayda qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.
2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) başçılıq edib. İlk ayda 16,3 milyon ABŞ dolları həcmində qızıl ixrac edilib. Bu siyahıda pomidor (13,2 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon ABŞ dolları) üçüncü olub.
2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5 milyon və Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə Rusiyaya qeyri-neft ixracı 4 faiz, Türkiyəyə 31 faiz, İsveçrəyə 73 faiz və Çinə 2,1 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (34,3 faiz), Türkiyəyə (23,5 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6 faiz) və Çinə (4,2 faiz) göndərilən malların payı üstünlük təşkil edib.