Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu (İİBQ) arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
KOBİA-dan bildirilib ki, İİBQ-in regional direktoru Saleh Jelasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində agentlikdə olub. KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə İİBQ ilə əlaqələrin genişləndirilməsi, təşkilatın Azərbaycanda alternativ maliyyələşdirmə sahəsində həyata keçirdiyi layihəyə yerli maliyyə institutlarının marağı nəzərə alınaraq bu sahədə texniki dəstəyin davam etdirilməsi, KOB klasterlərin dəstəklənməsinə texniki yardımın göstərilməsi, KOBİA-nın da iştirakı nəzərdə tutulan İslam İnkişaf Bankı Qrupunun apreldə təşkil olunacaq illik toplantısı çərçivəsində agentlik və müvafiq qurumlar arasında görüşlərin təşkili məsələləri müzakirə edilib.