Bu ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 mlrd. manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 80 faizi mədənçıxarma, 17,6 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin fevralın 1-nə 244,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.