2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliliyi 5,29 faiz olub. 2018-ci il üzrə Fondun investisiya portfelinin ümumi gəlirliliyi 0,35 faiz olub. Səhm alt portfelinin 2019-cu il üzrə gəlirlilikdə töhfəsi 2,67 faiz, istiqrazların 2,21 faiz, daşınmaz əmlak alt portfelinin isə 0,4 faiz təşkil edib. İnvestisiya portfelinin alt portfellərinin fərdi gəlirliliyinə nəzər yetirdikdə səhm üzrə fərdi gəlirlilik 21,5 faiz, istiqraz və pul bazarları alətləri üzrə 3 faiz, daşınmaz əmlak üzrə fərdi gəlirlilik isə 7,4 faiz olub.
Fondun hesabatında qeyd olunur ki, "Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib".
2019-cu ilin yekunları üzrə ARDNF-nin cəmi investisiya portfeli 43,323 mlrd. ABŞ dolları təşkil edib. Portfelin 56,6 faizini ABŞ dolları, 31,4 faizini avro, 5,1 faizini ingilis funt sterlinqi, 1,5 faizini yapon yeni, 1,2 faizini Çin yuanı, 0,8 faizini Türkiyə lirəsi, 0,8 faizini Rusiya rublu, 0,6 faizini Avstraliya dolları, 0,5 faizini Koreya vonu və 1,5 faizini digər valyutalar təşkil edib. Fondun ABŞ dolları portfelinin 4,930 mlrd. dollarlıq hissəsini (11,4%) qızıl investisiyaları təşkil edir.
Fondun aktivlərində 60 mln. dəyərində Azərbaycan manatı olub. ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsündə 68,7 faizi istiqrazlar və pul bazarı alətləri, 14,1 faizi səhmlər, 5,8 faizi daşınmaz əmlak, 11,4 faizi isə qızıla investisiyalar olub.
Kredit reytinqi üzrə bölgüdə aktivlərin 42,8 faizi AAA reytinqli alətlərə, 29 faizi A, 16,3 faizi AA, 10,5 faizi BBB kredit reytinqli alətlərə investisiya edilib. Portfelin yalnız 1,4 faizi qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.
İnvestisiya portfelinin 33,8 faizi Avropa, 33,76 faizi Asiya-Sakit Okean regionu, 24,9 faizi Şimali Amerikaya, 2,04 faizi Avstraliya/Yeni Zelandiya, 0,71 faizi Yaxın Şərq, 0,05 faizi Latın Amerikaya investisiya olunub, 4,73 faizi isə beynəlxalq təşkilatlara investisiyalar təşkil edir. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüdə portfelin 63,23 faizini inkişaf etmiş ölkələr, 32,04 faizini inkişaf etməkdə olan ölkələr və 4,73 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edir.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38.515,2 mln. ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43.323,3 mln. ABŞ dollarına bərabər olub.
Bildirilib ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.