İnventarlaşma nəticəsində müəssisənin balansından silinən mallar və əsas vəsaitlərə görə vergilərin hesablanması qaydası ilə bağlı Vergilər Nazirliyindən bildirilib ki, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğlərinin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları" ilə müəyyən edilib. Həmin qaydaların 18-ci bəndinə əsasən, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir və inventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.
Qaydaların 19.1.4-cü bəndinə görə, aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.
Eyni zamanda, əskik gəlmiş əmtəə-material ehtiyatları forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la sənədləşdirilir.
Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.